Ata Babayev

User avatar


  • Email: ata.babayev@boec.edu.az

Haqqında:

Babayev Ata Manaf oğlu 2 avqust 1964-cü ildə Zərdab rayonunun Qaravəlli kəndində zəhmətkeş kolxozçu ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından elmə və biliyə xüsusi maraq göstərən Ata Babayev 1971–1981-ci illərdə Səməd Vurğun adına Qaravəlli kənd orta məktəbində təhsil almış, məktəbi fərqlənmə ilə bitirərək gələcək elmi fəaliyyətinin möhkəm təməlini qoymuşdur.

1981-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun axşam şöbəsinə qəbul olunmuş, elmlə əmək fəaliyyətini paralel şəkildə davam etdirmişdir. Həmin ildə əmək fəaliyyətinə “Azərdəniznefttikinti” trestinin mənzil-kommunal idarəsində fəhlə kimi başlamış, zəhmət və məsuliyyət sayəsində qısa müddətdə kollektivin etimadını qazanmışdır.

1982–1984-cü illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətini layiqincə başa vuraraq vətənə qayıtmışdır.

1985-ci ildə “Azərdəniznefttikinti” trestinin 4 nömrəli Tikinti-Quraşdırma İdarəsində I dərəcəli fəhlə kimi fəaliyyət göstərmiş, 1987-ci ildə isə peşəkarlığı və işgüzarlığı nəticəsində III dərəcəli takelajçı vəzifəsinə yüksəlmişdir.

1988–1991-ci illərdə “İstilik şəbəkəsi və suqızdırıcı qazanxanalar” müəssisəsində çalışaraq istehsalat təcrübəsini daha da zənginləşdirmişdir.

1991-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun “İstilik energetikası və suyun texnologiyası” kafedrasında laborant vəzifəsinə qəbul olunması onun elmi-pedaqoji fəaliyyətə qədəm qoymasının başlanğıcı olmuşdur.

1992-ci ildə baş laborant, 1995-ci ildən isə həmin kafedranın tədris laboratoriyasının müdiri kimi çalışaraq gənc mütəxəssislərin hazırlanmasında mühüm rol oynamışdır. 1997-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə etmiş və elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Elmi fəaliyyətini davam etdirən Ata Babayev 1999-cu ildən “İstilik energetikası və suyun texnologiyası” kafedrasının problem laboratoriyasında böyük elmi işçi kimi çalışmış, energetika sahəsində aparılan tədqiqatların inkişafına töhfələr vermişdir.

2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “dosent” elmi adına layiq görülmüşdür.

2011-ci ildən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İstilik energetikası və suyun texnologiyası” kafedrasında dosent vəzifəsində fəaliyyətini davam etdirir. Babayev Ata Manaf oğlu 2016-cı ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışaraq tələbə gənclərin formalaşması, milli-mənəvi dəyərlərə bağlı, savadlı və vətənpərvər kadrların yetişdirilməsi istiqamətində mühüm fəaliyyət göstərir.

27 dekabr 2023-cü ildən etibarən isə ADNSU-nun nəzdində fəaliyyət göstərən Bakı Neft-Energetika Kollecinin direktoru kimi təhsil sahəsində səmərəli idarəçilik fəaliyyətini davam etdirir.

Elm, təhsil və təşkilati idarəetmə sahələrində uzunillik fəaliyyəti ilə seçilən Ata Babayev zəhmətkeşliyi, prinsipiallığı və pedaqoji məsuliyyəti ilə həmkarları və tələbələri arasında dərin hörmət qazanmış alim və pedaqoqlardandır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi münasibətilə, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Babayev Ata Manaf oğlu təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

O, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev tərəfindən “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020) yubiley medalı” ilə təltif edilmişdir. Ailəlidir, üç övladı, yeddi nəvəsi var.