5 Oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə Sabunçu rayonunda ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində Ərazi Partiya Təşkilatında tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov öz çıxışında bu günün dünyanın bütün mədəni və mütərəqqi xalqlarının həyatına əlamətdar və mühüm tarixi bir gün kimi daxil olduğunu bildirərək qeyd edib ki, Beynəlxalq Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur. Azərbaycan xalqı bu gözəl, şərəfli bayramı böyük sevinc hissi və ruh yüksəkliyi ilə qeyd edir. Araz Xudadanov Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini və son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Daha sonra çıxış edən ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecinin direktoru Ata Babayev qeyd edib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı, müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində islahatlar həyata keçirilib. Bu gün hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodik cəhətdən kamilliyi ilə yanaşı, vətənpərvərliyi ilə də seçilir, dövlətinə və xalqına sədaqətlə xidmət edir.
Tədbirin sonunda kollecin direktoru dos. Ata Babayev 60 illik yubileyi ilə əlaqədar olaraq YAP Sabunçu rayon təşkilatının yubiley diplomu və xatirə hədiyyəsi ilə təltif olundu.